Üzüm - E-Meyve
8 Mart 2024
Üzüm

Üzümün möcüzəvi faydaları

Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. 
Üzümün meyvəsi şəkər, sellüloz, üzvi turşular, askorbin turşusu, A, B1,B2, B6, PP, C və s. vitaminləri, pektin maddələr, mikroelementlər və fermentlərlə zəngindir. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində isə çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır. Qeyri-adi dada və ləzzətə malik üzümün toxumları və yarpaqları bitki mənşəli dərmanların, habelə pəhriz əlavələrinin istehsalı üçün istifadə olunur. Bu polifenollar həm də çoxsaylı bioloji fəallığa və sağlamlıq üçün yüksək potensiala malikdir. Üzüm qabığı ilk növbədə antosiyaninlərdən, flavanollar, fenol turşulardan və stilbenlərdən (resveratrol) ibarətdir. Digər meyvə və tərəvəzlər kimi, üzüm də yaxşı lif və su mənbəyidir. Üzümdə C vitamini və manqan kimi tanınmış antioksidanlar, beta-karotin və resveratrol kimi daha az tanınan antioksidanlar da mövcuddur.

Bu xəstəliklərdə faydalıdır

Üzüm insan orqanizminə müsbət təsir göstərən müstəsna qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzolunmaz bir məhsuldur. Müalicə vasitəsi kimi meyvələrindən, şirəsindən və yarpaqlarından istifadə edilir.

Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır, eyni zamanda qan azlığında, mədə şirəsi çox olan qastritdə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada və yuxusuzluqda məsləhət görülür. Meyvələrində və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və b. içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, ishalda və xroniki faringitdə məsləhət görülmür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi işlədilir.

Şərh yaz
Şərhlərin ümumi sayı 0
Hələ şərh yoxdur
Əməliyyatınız davam edir, zəhmət olmasa gözləyin