Kinkan - E-Meyve
9 Mart 2024
Kinkan

Yapon portağalı, qızıl portağal, fortunella, əfsanəvi naringi, kinkan, yapon heyvası və s. – bütün bu adlar bir bitkinin müxtəlif adlarıdır. Bu kumkvat bitkisidir. Kumkvat sözü çin dilindən tərcümədə «qam qvat» - qızıl portağal deməkdir. Onun faydalı xüsusiyyətləri hələ indi Avropalılar tərəfindən aşkarlanmaqdadır. Kumkvat sitruslara aid olub zahirən miniatür portağala bənzəyir. Bu bitkinin maraqlı özəllikləri var: onun qabığı şirin, ləti isə turşdur. Kumkvatın vətəni cənub-şərqi Çin hesab edilir. O, elə buradan da digər Asiya ölkələrinə, buradan Yaponiyaya, daha sonra isə ABŞ-ın cənubuna geniş şəkildə yayılmışdır. Kumkvatın bəzi sitrus bitkiləri ilə bir çox təbii və süni hibridləri də vardır: kalamondin (naringi+kumkvat), laymkvat (layma+kumkvat) və s. Kumkvatdan dekorativ bitki kimi bonsayların düzəldilməsində də istifadə edilir.

Avropada onu yapon portağalı adlandırırlar. Əsasən Çin, Cənub-Şərqi Asiya, Yaponiya, Yaxın Şərq, Cənubi Avropa və ABŞ-da yetişdirilir. Əsasən iyul-avqust aylarında çiçəkləyir, çiçəkləmə 5-7 gün davam edir. 2-3 həftədən sonra bitki təkrar çiçəkləyə bilər. Onun çiçəkləri ikicinslidir, tozlanması çarpaz gedir, lakin öz-özünə də tozlanma mümkündür. Meyvələri dekabr-yanvar aylarında yetişir. Kumkvatın meyvəsi digər sitruslar arasında ölçücə ən kiçik olanıdır (uzunluğu 4 sm-dən artıq olmur). Meyvəsinin forması uzunsovdur. Parlaq narıncı rəngli meyvələri çox gözəl, xoş ətirə və qeyri-adi dada malikdir.

Taglar
Şərh yaz
Şərhlərin ümumi sayı 0
Hələ şərh yoxdur
Əməliyyatınız davam edir, zəhmət olmasa gözləyin